MƏDƏNİYYƏT
Avropa Yayımları Birliyi “Eurovision-2012”ərəfəsində təbliğat sahəsində görülmüş işləri müsbət dəyərləndirmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Bakıda “Eurovision -2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclaslar başa çatmışdır.
“Eurovision-2012” mahnı müsabiqəsinin işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, Avropa Yayımları Birliyi (EBU) nümayəndələrinin iştirakı ilə keçirilən ilk toplantıda müsabiqə ilə bağlı təhlükəsizlik məsələləri geniş müzakirə olunmuşdur. Toplantıda təhlükəsizlik strukturları və təşkilatçı-yayımçının nümayəndələrinə 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilmiş mahnı müsabiqəsində tətbiq olunan tədbirlər barədə geniş məlumat verilmişdir.
“Eurovision” mahnı müsabiqəsi dövründə media ilə iş və ictimaiyyətlə əlaqələrə həsr olunan ikinci toplantıda isə bu günədək görülmüş işlər təhlil edilmişdir. Eyni zamanda, “Eurovision” mahnı müsabiqəsi işçi qrupunun əhatəli media planı təqdim olunmuşdur. İclasda Avropa Yayımları Birliyinin nümayəndələri media və ictimaiyyətlə əlaqələr sahəsində bu günədək görülmüş işləri müsbət dəyərləndirmişlər.
İclasda, həmçinin “Eurovision” mahnı müsabiqəsinin yeni yaradılmış milli saytı müzakirə olunmuşdur.
Sonra Avropa Yayımları Birliyinin nümayəndələri İctimai Televiziya və Radio Yayımları şirkətində və “Eurovision milli seçim turu” proqramında qonaq olmuş, “Carçı” informasiya proqramına müsahibə vermişlər.
“Bakıda geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə olundu. Bütün işlər plana uyğun gedir”- deyən “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand təşkilatçı-yayımçı İctimai Televiziya ilə uğurlu əməkdaşlığın olduğunu bildirmişdir.
“Eurovision TV”nin direktoru Jorqan Frank Bakı görüşündə müzakirə olunan təhlükəsizlik və ictimaiyyətlə əlaqələr sahəsindəki məsələləri şərh edərkən bildirmişdir ki, insanların Azərbaycandakı şoudan zövq almaları üçün hər şey etməyə çalışılır. O demişdir ki, müsabiqənin təşkili üçün peşəkar komanda formalaşmışdır. Avropa Yayımları Birliyi ilə çox səmərəli əlaqələr qurulmuşdur. Qonaq, həmçinin ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır.
İclasda Avropa Yayımları Birliyini “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”nin direktoru Jorqan Frank, müsabiqənin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, EBU-nun media ofisinin rəhbəri Karen Mazzoli təmsil etmişlər.