MƏDƏNİYYƏT
Avstriya “Eurovision-2014” mahnı müsabiqəsinin qalibi olmuşdur
Kopenhagen, 11 may (AZƏRTAC). Mayın 11-də Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenasında “Eurovision-2014” mahnı müsabiqəsinin final konserti keçirilmişdir.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, müsabiqənin açılışında rəqqaslar iştirakçı ölkələrin bayraqları ilə akrobatik hərəkətlər təqdim etmişlər.
Sonra möhtəşəm şou nümayiş olunmuşdur.
“Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlamış, iştirakçılara uğurlar arzulamışlar.
İyirmi altı ölkənin iştirakı ilə keçirilən finalda Azərbaycan təmsilçisi Dilarə Kazımova 3-cü nömrə altında Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim etmişdir.
Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olmuşdur. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.
Beləliklə, 36 ölkənin iştirak etdiyi səsvermə vaxtı “B and V” arenaya ilk olaraq Azərbaycan qoşulmuşdur. “Eurovision 2012” mahnı müsabiqəsində beşinci yerə sahib olan Səbinə Babayeva Azərbaycandan səslərin nəticələrini elan etmişdir. S.Babayeva Azərbaycanın 8 səsi Macarıstana, 10 səsi Ukraynaya, 12 səsi isə Rusiyaya verdiyini bildirmişdir.
Ümumi səsvermə nəticəsində 290 səs alan Avstriya təmsilçisi Conchita Wurst müsabiqənin birincisi olmuşdur. Niderlanddan “The common linets” qrupu ikinci, isveçli Sanne Nielsen isə üçüncü yerləri tutmuşlar. Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqədə 22-ci yerdə qərarlaşmışdır.
Müsabiqənin qaydalarına əsasən, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ona birincilik qazandıran mahnısını bir daha ifa etmişdir. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilmişdir.
Daha sonra qalib ölkənin təmsilçisi “B and V” arenanın Mətbuat Mərkəzində jurnalistlərlə görüşmüş, onların suallarını cavablandırmışdır. Qalib müğənni “Eurovision-2014” mahnı müsabiqəsinin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Danimarkanın ev sahibliyi etdiyi “Eurovision-2014” mahnı müsabiqəsinin bütün şouları 45-ə yaxın ölkədə birbaşa yayımlanmışdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri,
Kopenhagen