İDMAN
Azərbaycan akademik avarçəkəni dünya çempionatının B finalında mübarizə aparacaqdır
Bakı, 30 avqust (AZƏRTAC). Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Koreya Respublikasının Çunqju şəhərində keçirilən dünya çempionatında əsas finala yüksələ bilməmişdir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 1 nəfərlik qayıqla (M1x) iki min metr məsafəyə yarımfinal yürüşündə A.Aleksandrov ilk üçlükdən kənarda qalmışdır. Finişə 7 dəqiqə 18,66 saniyəyə çatan təmsilçimiz dördüncü olmuşdur. Əvəzində çexiyalı Andrey Sinek (6:56.52), böyük britaniyalı Alan Kempbell (6:59.67) və litvalı Mindauqas Qrişkonis (7:02.54) əsas finala adlamışlar.
A.Aleksandrov isə Roman Röösli (İsveçrə), Dani Fridman (İsrail), Savarn Sinq (Hindistan), Georgi Bojilov (Bolqarıstan) və Artyom Kosov ilə (Rusiya) birgə B finalında (7 - 12-ci yerlər) çıxış edəcəklər.
Yarımfinal yürüşünün ardından 2012-ci il London Yay Olimpiya Oyunlarında, eləcə də son 2 dünya çempionatında bürünc medal qazanmış böyük britaniyalı akademik avarçəkən Alan Kempbell FİSA-nın (Beynəlxalq Akademik Avarçəkmə Federasiyası) rəsmi saytına açıqlama vermişdir. O, dünya çempionatının yarımfinal yürüşündə Azərbaycan təmsilçisi Aleksandr Aleksandrovu geridə qoyduğu üçün sevincini gizlətməmişdir. İdmançı demişdir: “Çox yaxşı və gərgin mübarizə oldu. Özümü yaxşı hiss edir və xoşbəxtəm ki, məni Henli Kral Reqatasının finalında geridə qoymuş Aleksandrovu bu dəfə üstələyə bildim. Hesab edirəm ki, finala vəsiqə qazanan bütün 6 avarçəkən medal qazanmağa qadirdir. Onların hamısına uğurlar arzulayıram. Amma daha çox özümün uğur əldə etməyimi istəyirəm”.
Digər yarımqrupdan isə medallar uğrunda Marsel Hakker (Almaniya), Anxel Furnier Rodriges (Kuba) və Roel Braas (Hollandiya) mübarizə aparacaqlar. Hər iki yürüş sentyabrın 1-də olacaqdır.