ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Əskişəhərdə “Türk dünyası mütəfəkkirləri” mövzusunda keçirilən sammitdə iştirak etmişlər
Bakı, 1 iyun (AZƏRTAC). Əskişəhərdə “Türk dünyası mütəfəkkirləri” mövzusunda sammit keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyinin təşəbbüsü ilə Osman Qazi Universitetində keçirilən sammitdə Türkiyədən 350, digər ölkələrdən 150 elm xadimi iştirak etmişdir.
Tədbirə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri, AMEA-nın Folklor İnstitutunun şöbə müdirləri Ağaverdi Xəlil, Seyfəddin Rzasoy, Əziz Ələkbərli, aparıcı elmi işçi Ramazan Qafarlı, böyük elmi işçi Qalib Sayılov, Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, Şərqşünaslıq İnstitutundan Cavid Qasımov, Arxeologiya və Etnoqrafiya İnstitutundan Güllü Yoloğlu, Əlyazmalar İnstitutundan Aida Paşalı, Qətibə Vaqifqızı, Hüseyn Cavidin ev-muzeyindən İlahə Novruzova, Ədəbiyyat İnstitutundan Almaz Ülvi, Akademiyanın Naxçıvan bölməsindən Sədaqət Nemətova, Məhsəti İsmayıl və başqaları qatılmışlar.
Sammitin keçirilməsində məqsəd türk dünyasının elmi və mədəni əlaqələrini genişləndirmək və möhkəmləndirmək, mənəvi resursları öyrənmək və onları səfərbər edərək müasir cəmiyyətin həyatında aktivləşdirmək, inteqrasiyanı sürətləndirmək və ünsiyyəti artırmaqla birlik ideyasını dəstəkləmək olmuşdur.
Açılış mərasimində Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər, milli təhsil naziri Nəbi Avcı, Diyanət İşləri başqanı Mehmet Görməz, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibi Mahmut Erol Kılıç, Əskişəhər valisi Güngör Azim Tuna, Osman Qazi Universitetinin rektoru Həsən Gönen və başqaları çıxış etmişlər.
Tədbirdə Sərxan Xavərinin “Xoca Əhməd Yəsəvinin türk-İslam mədəniyyətinin təşəkkülündə rolu”, Ağaverdi Xəlilin “Mahmud Kaşğarlının xalq yaradıcılığını öyrənmə metodları”, Seyfəddin Rzasoyun “Əbülqazi Bahadır xanın türkmən mədəniyyətinin öyrənilməsindəki rolu”, Əziz Ələkbərlinin “Yunis Əmrə və Azərbaycan”, Ramazan Qafarlının “Bəxtiyar Vahabzadə və türk dünyası”, Füzulu Qurbanovun “Füzulinin eşq fəlsəfəsi”, Qalib Sayılovun “Nəsiminin insan konsepti və İslam” və s. mövzularda məruzələr dinlənilmişdir.
Sammit çərçivəsində konfranslar, seminarlar, “dəyirmi masa”lar keçirilmiş, türkdilli dövlətlər arasında elmi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılmış, bir sıra mədəni proqramlar təşkil olunmuşdur.