İDMAN
Azərbaycan boksçusunun beynəlxalq turnirdəki rəqibləri müəyyənləşib
Bakı, 7 avqust (AZƏRTAC). Oktyabrda Beynəlxalq Boks Federasiyası (AİBA) yeni layihəsinə - APB-yə (AİBA Professional Boxing) start verəcək.
AZƏRTAC xəbər verir ki, 6 raundluq ilk reytinq döyüşlərinin oktyabrın 24-dən noyabrın 1-dək keçirilməsi nəzərdə tutulub. Sonda hər çəkidə finala vəsiqə qazanan boksçular (ümumilikdə 20 idmançı) Rio-de-Janeyro Olimpiadasında iştirak hüququ əldə edəcək.
Azərbaycanın 3 boksçusu - Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov (69 kq) APB ilə müqavilə imzalayıb. Dünya çempionu Cavid Çələbiyevin çəkisində hansı idmançıların döyüşəcəyi məlumdur. Bu çəki dərəcəsində döyüşlərin Argentinada keçirilməsi nəzərdə tutulub. O, Alberto Ezequiel Melian (Argentina), Benson Njangiru (Keniya), Jiavei Zjanq (Çin), Xedafi Djelkhir (Fransa), Satoşi Şimizu (Yaponiya), Sergey Vodopiyanov (Rusiya) və Yonni Blanko (Venesuela) ilə qarşılaşa bilər.