ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbələri ölkənin ictimai həyatında fəallıq göstərirlər
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş könüllü tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, K.Abdullayev mötəbər beynəlxalq tədbirdə könüllü fəaliyyət göstərmiş tələbələrə Azərbaycanın ictimai həyatında fəal iştirak etməklə ölkənin inkişafına töhfə verdiklərinə, onun dünya miqyasında tanıdılmasında və təbliğində göstərdikləri köməyə görə təşəkkürünü çatdırıb.
ADU-nun böyük potensiala malik olduğunu xatırladan rektor IV İslam Həmrəyliyi Oyunlarına universitetdən min tələbənin könüllü kimi qatıldığını, onlara imtahan sessiyasında güzəştlər oluna biləcəyini, akademik borcu olan tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil ediləcəyini deyib.
Görüşdə tədris prosesi, imtahan sessiyası, ikinci xarici dilin tədrisi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.