ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft Akademiyasının Next Step İnformasiya Mərkəzi fəaliyyətini genişləndirir
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Next Step İnformasiya Mərkəzi fəaliyyətini genişləndirir.
ADNA-dan AZƏRTAC-a bildiriblər ki, bu ilin mayında yaradılan mərkəz yeni layihələri dəstəkləyir. “Öz ideyanı gerçəkləşdir - Realize your idea” loqosu altında fəaliyyət göstərən mərkəzdə tələbələr işlərini ingilis dilində təqdim edirlər. Artıq bu günədək 30 tələbə layihəsi ilə bağlı müraciət edib, bu layihələrdən 12-si qəbul olunub. Layihələr ABŞ-ın Silikon Vali (Silicon Valley) şirkətinin beş nümayəndəsi tərəfindən gözdən keçirilib.
Xatırladaq ki, bu gün mərkəzdə dünyanın ən məşhur biznes adamları təcrübələrini tələbələrlə bölüşürlər. ABŞ universitetlərindən gələn dünya şöhrətli alim Naeem Zafar və professor Rics Rasmussen tələbələrə seminarlar keçiblər.
Eyni zamanda, ADNA-nın Next Step İnformasiya Mərkəzinin nümayəndə heyətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüşü olub. Görüşdə ADNA-da yeni biznes inkubatorun qurulması və startaplarla bağlı fikir mübadiləsi aparılıb.