REGİONLAR
Azərbaycan əsgəri “İlin adamı” nominasiyasının qalibi olub
Xırdalan, 5 may, AZƏRTAC
Mayın 5-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ənənəvi VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda “İlin adamı” nominasiyasının builki qalibi simvolik olaraq Azərbaycan əsgəri seçilib. Bu nominasiyada mükafat aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun övladı Aytən Yusifovaya təqdim edilib.
Pakistan, Tacikistan, İran, Koreya, Rusiya, Özbəkistan, Türkmənistan, Amerika Birləşmiş Ştatları, Polşa, Meksika, Kolumbiya, Argentina, Hindistan, Banqladeş, Malayziya səfirliklərinin səfir və nümayəndələri, eləcə də bir çox dövlət və elm xadimlərinin də iştirak etdiyi VIII Beynəlxalq Gənclik və Multikulturalizm Festivalı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxışı edərək bildirib ki, millətin ən önəmli sərvəti onun Vətənini sevən, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişən gəncləridir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət xalqımızın rifahının yüksəldilməsinə xidmət edir.
Rektor şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, onların qəhrəmanlığının hər bir gəncə örnək olduğunu bildirib.
Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxışında qeyd edib ki, Azərbaycanda multikultural ənənələr dərin köklərə malik olsa da, bu ənənələr yalnız ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin bir hissəsinə çevrilib və bu gün uğurla inkişaf etdirilir. Ölkəmizdə multikulturalizmlə bağlı keçirilən bütün tədbirlərin başlıca məqsədi müxtəlif mədəniyyətlərin inkişafı və sülhün təmin olunmasına xidmət edir. Bu baxımdan, 2016-cı ilin respublikamızda “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfi deyil.
ABŞ səfirliyinin nümayəndəsi xanım Emi Pitersen tədbirin əhəmiyyətini qeyd edərək, Azərbaycanda multikultural dəyərlərə verilən önəmi yüksək qiymətləndirib.
Festivalda universitetin özfəaliyyət dərnəklərinin çıxışları, Azərbaycanda təhsil alan xarici tələbələrin öz ölkələrinin milli mətbəx, geyim və digər mədəniyyət nümunələrini nümayiş etdirmələri maraqla qarşılanıb.