MƏDƏNİYYƏT
Azərbaycan “Eurovision-2017” yarışmasının liderləri sırasında
Bakı, 28 aprel, AZƏRTAC
“Eurovision-2017” mahnı müsabiqəsinin jurnalistləri və fanları bu il Azərbaycanın liderlər sırasında olduğunu bildirirlər.
Azərbaycan təmsilçisi Dihaj mayın 9-da “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında “Skeletons” mahnısı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, “oikotimes.com” populyar “Eurovision” saytının 7,5 mindən çox istifadəçisinin iştirak etdiyi səsverməyə görə Azərbaycan birinci yarımfinaldan müsabiqənin finalına keçəcək ölkələrin üçlüyünə daxildir. Müsabiqə fanatlarının “wiwiblogs.com” saytında 26 min nəfərin iştirak etdiyi səsvermədə Dihaj birinci yarımfinalın beşliyi sırasındadır. Elə bu saytın keçirdiyi sorğuda “Skeletons” mahnısının videoklipi yüksək qiymətləndirilib və 42 müsabiqə iştirakçısının ilk beşliyinə daxil edilib. Bukmeker agentlikləri Azərbaycanın finalda onluqda olacağı proqnozunu verirlər.
Dihaj “Eurovision” səhnəsində aprelin 30-da keçiriləcək birinci rəsmi məşqi üçün artıq Kiyevdədir.