İQTİSADİYYAT
Azərbaycan gömrükçüləri Praqa və Tallində olmuşlar
Bakı, 8 oktyabr (AZƏRTAC). Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti Çexiya Respublikasının Praqa və Estoniyanın Tallin şəhərlərində səfərdə olmuşdur.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan gömrükçüləri Praqada Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının XIX konfransında iştirak etmiş, Estoniya paytaxtında isə gömrük brokerlərinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmışlar.
Praqada keçirilən Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının (GMBA) XIX konfransı “Muzeylərimizdə təhlükəsizlik” mövzusuna həsr edilmişdir. Konfrans işə başlamamışdan əvvəl GMBA-nın prezidenti Henri Nimaks və Çexiya Gömrüyü beynəlxalq şöbəsinin müdiri Jan Skalicky tədbir iştirakçıları ilə görüşmüşlər.
Görüş zamanı Azərbaycan nümayəndə heyəti gömrük sahəsində görülən işlərin qısa məzmununu əks etdirən “Bir ilin hekayəsi” filminin konfransın gündəliyinə salınmasını təklif etmişdir. Eyni zamanda, Lüksemburq konfransında GMBA-nın illik bülleteninin Azərbaycanda nəşr olunması barədə təklifini xatırlatmışdır. H.Nimaks filmin məmnuniyyətlə konfransın gündəliyinə daxil ediləcəyini bildirmiş, eyni zamanda, GMBA-nın illik bülleteninin bu qurumun 2013-cü ildə XXI konfransının Azərbaycanda keçirilməsi ərəfəsində nəşr olunmasının mümkünlüyünü vurğulamışdır.
Konfransda GMBA-nın veb-saytının təqdimatı olmuşdur. Saytda dünyanın gömrük və vergi muzeyləri barədə məlumatın verilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə GMBA-nın, eləcə də muzeylərin fəaliyyətinin təbliği məqsədi ilə açıqcalardan istifadə məsələsi müzakirə olunmuşdur. Azərbaycan tərəfi digər reklam növlərindən (maqnetik lövhə, poçt markaları üzərində gömrük rəsmləri, loqo və etiketlər) istifadə edilməsini də məsləhət görmüş və bu işdə, ilk növbədə, markalardan istifadə məsələsində öz dəstəyini təklif etmişdir.
Konfrans iştirakçılarına DGK-nın Gömrük Tarixi Muzeyinin filialı haqqında məlumat verilmişdir. Həmçinin “Gömrük muzeyinin xəzinəsi poçt markalarında” adlı marka toplusunun artıq hazır olduğu, DGK-nın Gömrük Tarixi Muzeyinin kolleksiyasına məxsus ən nadir sənət incilərinin bu markalarda əks olunduğu nəzərə çatdırılmışdır. DGK Gömrük Tarixi Muzeyi filialının 2011-ci ildəki fəaliyyəti haqqında məlumatın GMBA-nın rəsmi internet saytında yerləşdirilməsi üçün material təqdim edilmişdir.
Azərbaycan gömrükçüləri Tallində Estoniya Respublikası Vergi və Gömrük İdarəsinin şöbə müdiri Urmas Yarq və digər məsul şəxslərlə görüşmüşlər.
Görüşdə nümayəndə heyəti Estoniyada gömrük brokerlərinin fəaliyyəti, eləcə də gömrük agentlikləri, elektron gömrük xidmətləri və informasiya sistemləri barədə ətraflı məlumatlandırılmış və yerli təcrübəni öyrənmişdir.