Azərbaycan güləşçisi Elman Muxtarov Tehranda keçirilən Beynəlxalq turnirdə bürünc medal qazanmışdır [YENİLƏNİB]
Tehran, 23 yanvar (AZƏRTAC). İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə 34-cü “Yadigar İmam Kuboku” Beynəlxalq turniri davam edir.
AZƏRTAC xəbər verir ki, “7 tir” Arenada təşkil olunan yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Elman Muxtarov (59 kq) üçüncü yer uğrunda görüşdə iranlı Museyib Əkbəri ilə qarşılaşmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə E.Muxtarov rəqibinə qalib gələrək bürünc medala sahib olmuşdur.
Yarışda Azərbaycan ilə yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan pəhləvanlar mübarizə aparırlar.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Tehran