Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir
Bakı, 3 iyun, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində "Erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyǝ Osmanova tədbirdə bildirib ki, ölkədə tarix, mədəni irs, şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə diqqətin daha da artırılmasına, elmi tədqiqatların genişləndirilməsinə və şəhərsalma irsinin sistemli şəkildə öyrənilməsinə əlavə stimul yaradıb.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən dosent Kamil Adışirinov çıxış edərək bildirib ki, erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanın şəhərsalma və memarlıq irsinin tədqiqi regionun tarixi-mədəni inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kamil Adışirinov bu cür elmi-praktik konfransların tarix, arxeologiya və memarlıq sahələrində aparılan araşdırmaların nəticələrinin elmi ictimaiyyətə çatdırılmasına, eləcə də yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə geniş imkan yaratdığını vurğulayıb.
Konfrans məruzələr ətrafında öz işini davam etdirib.