İQTİSADİYYAT
Azərbaycan ilə İran arasında biznes əlaqələri yüksək səviyyədədir
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İran İslam Respublikasının Ərdəbil vilayətindən gələn nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında biznes əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbəri Rüfət Məmmədov Azərbaycan və İran iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini diqqətə çatdırıb.
İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının üzvü Hüseyn Pirmoazen İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişaf etməsindən, həyata keçirilən layihələrdən bəhs edib, sahibkarları daha sıx əməkdaşlığa dəvət edib.
Görüşdə Ərdəbil vilayəti iş adamları ilə azərbaycanlı həmkarları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.