İQTİSADİYYAT
Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Energetika Nazirliyində Litva Respublikasının energetika naziri Yaroslav Neveroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə energetika naziri Natiq Əliyev Azərbaycanın Litva ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini, münasibətlərin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu demişdir. Nazir hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Energetika naziri Azərbaycanın Litva, o cümlədən Avropa İttifaqı üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırmışdır.
O, Litva nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirmiş və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Litva Respublikasının energetika naziri Yaroslav Neveroviç Azərbaycanda müşahidə etdiyi inkişafın onda xoş təəssürat yaratdığını demiş, ölkəmizə səfərindən məmnunluğunu bildirmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulamışdır.
Qonaq Litva iqtisadiyyatı barədə məlumat vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırmışdır.
Litvanın energetika naziri hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də energetika sektorunda əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.