MƏDƏNİYYƏT
Azərbaycan ilk dəfə Lionda keçirilən mədəniyyət festivalında təmsil olunmuşdur
Paris, 11 may (AZƏRTAC). Azərbaycan barədə həqiqətləri və ölkəmizin zəngin mədəni dəyərlərini fransızlara çatdırmaq istiqamətində müxtəlif layihələri həyata keçirən Parisdəki “ Azərbaycan evi”nin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Lion Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə hər il Lionda keçirilən ənənəvi mədəniyyət festivalında respublikamız ilk dəfə təmsil olunmuşdur.
Festivaldakı Azərbaycan guşəsində ölkəmizin tarixindən, zəngin mədəniyyətindən, incəsənət nümunələrindən, mətbəxindən və turizm imkanlarından bəhs edən çoxlu sayda kitablar, broşürlər və digər əyani vasitələr nümayiş etdirilmişdir.
Sərgi iştirakçıları Azərbaycan guşəsinə xüsusi maraq göstərmiş, ölkəmiz barədə onları maraqlandıran suallara ətraflı məlumat verilmişdir.
Lionun ali təhsil məktəblərində təhsil alan azərbaycanlı tələbələr Heydər Əliyev Fondu tərəfindən buraxılan musiqi disklərini, Azərbaycanın orta əsr miniatürlərini əks etdirən poçt kartlarını iştirakçılara paylamışlar.
Mayın 13-dək davam edəcək festivalda yüz mindən artıq tamaşaçının iştirak etməsi gözlənilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris