SİYASƏT
Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır
Strasburq, 8 aprel (AZƏRTAC). Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ikinci iş günündə portuqaliyalı deputat Xose Mendes Botanın “Avropada müasir quldarlıq“ mövzusunda məruzəsi ətrafında müzakirələrdə Avropa Demokratlar Qrupu adından Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında səsləndirmişdir.
Milli Məclisin deputatı bildirmişdir ki, insan alveri məfhumunun təkcə mənəvi cəhətini vurğulamaq düzgün olmazdı, əksinə, insan hüquqları, xüsusilə də insan alverinin qurbanlarının hüquqları əsas önəm kəsb edir. İnsan alveri quldarlığın müasir formasıdır və Avropada cinsi istismar motivli insan alveri daha geniş yayılmışdır. İnsan alveri qurbanlarının əsasən qadınlar olduğu bildirilmiş və bu qurbanların təqribən 84 faizinin həmin məqsədlə istismar olunduğu qeyd edilmişdir.
Avropa Şurası və insan haqlarının müdafiəsinə qalxan digər beynəlxalq təşkilatlar öz fəaliyyətlərində prioritet olaraq qadın haqlarının pozulması ilə mübarizəyə xüsusi əhəmiyyət verirlər.
Bu dəyərlərin gerçəkləşdirilməsi üçün biz səylərimizi birləşdirməliyik. İnsan alveri ilə bağlı müxtəlif ölkələrdə vəziyyət fərqlidir. Məsələn, Azərbaycanda “İnsan alveri ilə mübarizəyə dair milli fəaliyyət planı” 2004-cü il mayın 6-da Prezidentin Fərmanı ilə təsdiqlənmişdir. Plana uyğun olaraq milli əlaqələndirici və insan alveri ilə mübarizə departamenti təsis edilmişdir. Departament bu mənfi hal ilə hərtərəfli mübarizə aparan ixtisaslaşmış qurumdur. Ümumiyyətlə, Azərbaycan insan alverinə qarşı ciddi mübarizə aparır.
Avropa Şurası və ona üzv dövlətlər sözügedən problemlərin aradan qaldırılması ilə bağlı kifayət qədər təcrübəyə malikdirlər. İnsan alveri ilə mübarizənin daha səmərəli üsullarının tapılması məqsədəuyğun olardı.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq