RƏSMİ XRONİKA
AZƏRBAYCAN İRAQIN BƏRPASINDA YAXINDAN İŞTİRAK ETMƏYƏ HAZIRDIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-ın ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aprelin 22-də Prezident sarayında ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilsonu qəbul etmişdir.
Səfiri səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV səhhətinin yaxşı olduğunu və özünü əla hiss etdiyini bildirərək xatırlatdı ki, keçən dəfə biz sizinlə İraqdakı vəziyyət və lazımi tədbirlər haqqında danışdıq. Amma vaxt keçir, istəyirəm biləm ki, İraqda vəziyyət necədir, bu barədə nə deyə bilərsiniz. Sonra isə müzakirə edək ki, nə işlər görəcəyik.
Prezident Heydər Əliyevin səhhətinin yaxşı olmasını sevindirici hal hesab etdiyini söyləyən səfir ROSS UİLSON İraq məsələsi ilə bağlı söhbətə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi ki, İraq məsələsi Amerika Birləşmiş Ştatları üçün olduqca mühümdür. Bu, ABŞ-Azərbaycan münasibətlərində də çox diqqət cəlb edən mövzudur.
Son bir həftə ərzində İraqdakı vəziyyətin ABŞ-ı tam təmin etdiyini, eyni zamanda bəzi problemlərin olduğunu, hərbi hakimiyyətin hələ də qaldığını vurğulayan və bunun tezliklə həllinə ümidvar olduğunu bildirən diplomat söylədi ki, İraqın müharibədən sonrakı bərpası üçün lazımi işlər görüləcəkdir. Yəqin ki, İraqda müvəqqəti hökumət öz işinə başlayacaqdır. Ölkədə qanun-qayda yavaş-yavaş bərpa olunmaq üzrədir. Baxmayaraq ki, bəzi problemlər hələ də qalır, biz əldə olunan tərəqqidən məmnunuq.
Səfir İraq türkmanlarının Türkiyədə yerləşən qeyri-hökumət təşkilatına Şimali İraq ərazisinə girməyə icazə verildiyini bildirərək dedi ki, onlar orada əhaliyə humanitar yardım edirlər. Bu, yalnız Şimali İraq üçün mühüm olan məsələ deyil, həm də Azərbaycan vətəndaşlarını dərindən düşündürən bir məsələdir. Çünki son zamanlar bu barədə mənə çoxlu suallar verilirdi.
Diplomat Bağdadda elektrik enerjisi təchizatının, gündəlik ehtiyac duyulan bütün xidmətlərin bərpa olunduğunu, xüsusi təyinatlı polis bölmələrinin şəhərdə qayda-qanuna nəzarət etdiyini söylədi. Səfir dedi ki, cənab Prezident, Sizinlə son görüşdə bu məsələyə toxunmuşdum, koalisiya ölkələrindən olan qüvvələr İraqda təhlükəsizliyi təmin etmək üçün oraya göndəriləcəkdir. Onlar həm vətəndaşların, həm də müxtəlif obyektlərin, muzeylərin, qədim tarixi dəyəri olan yerlərin təhlükəsizliyini, ümumiyyətlə, İraq ərazisində ehtiyac duyulan bütün yerlərin mühafizəsini təmin edəcəklər.
Səfir dedi: Cənab Prezident, Sizin ölkədən olan sülhməramlı qüvvələrin İraqda iştirakının mümkünlüyünü mənə bildirmisiniz. Müdafiə naziri Səfər Əbiyev də bu haqda danışıbdır. Elə bilirəm ki, bu, Azərbaycanın İraqla bağlı məsələdə koalisiyaya göstərəcəyi çox böyük yardımdır. Qərbi, Mərkəzi Avropa ölkələrinin bir çoxu da bu işə razılıq veribdir. Biz keçmiş sovet respublikaları ilə bu barədə danışıqlar aparırıq. Artıq bir neçə müqavilə imzalanıbdır, bunlar İraqın bərpa olunması üçün nəzərdə tutulubdur. Bir neçə müqavilə də müsabiqəyə çıxarılıb, ümid edirik ki, o, açıq və şəffaf keçiriləcək və koalisiya üzvlərindən olan bütün şirkətlər İraqın bərpasında iştirak edə biləcəklər.
ABŞ diplomatı İraqın gələcəyinin əvvəlkindən daha yaxşı göründüyünü vurğuladı və bunun birgə səylər, eyni zamanda, Azərbaycanın böyük səyi nəticəsində baş tutacağını söylədi.
Ətraflı məlumata görə səfirə təşəkkür edən Prezident HEYDƏR ƏLİYEV dedi ki, sizinlə son dəfə görüşəndə mən İraqın bərpasında, müəyyən işlər görülməsində Azərbaycanın imkanları haqqında məlumat verdim və öz təkliflərimizi bildirdik. Hərbi sahədə biz əvvəl nəzərdə tuturduq ki, İraqa bir taqım göndərək. Amma sonra fikirləşdim ki, bu, azdır və son dəfə sizinlə görüşəndə mən bildirdim ki, İraqa 150 nəfər hərbçi göndərəcəyik. Müdafiə Nazirliyində bu barədə lazımi hazırlıq aparılır. Hərbi hissələrdən təxminən 180-190 nəfər ayırıblar. Onların içərisindən ən yaxşılarını, yəni bu işə qabil olanları seçib hazırlayıblar. Müdafiə naziri Səfər Əbiyev mənə dedi ki, o, bu barədə sizə məlumat veribdir. Sizin nümayəndəniz də Əbiyevə deyibdir ki, əgər bizim hərbi hissə mayın 12-də İraqa gəlsə, yaxşı olar. Biz buna hazırıq, ancaq Əbiyev bir neçə texniki məsələləri sizin adamlarla həll etməlidir. Ona görə də xahiş edirəm, öz tərəfinizdən buna göstəriş verəsiniz.
Mən də belə fikirdəyəm ki, bir saziş imzalansa, orada bütün şərtlər öz əksini tapsa, bu, çox yaxşı olar. Başqa sahələrə, yəni qeyri-hərbi sahələrə aid sizə bir çox təkliflər təqdim etdik. Hansılar sizi cəlb edirsə, onları da araşdırmaq lazımdır. Əgər bu barədə yaxın vaxtlarda öz fikirlərinizi bizə desəniz, bu, çox yaxşı olar.
Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin əsas qərargahının Florida ştatında yerləşdiyini və son qərarın orada veriləcəyini bildirən səfir ROSS UİLSON dedi ki, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndəsi artıq oradadır, bütün məsələləri müzakirə edirlər. Əsas məqsəd Azərbaycan sülhməramlılarını mayın 11-12-də İraqa çatdırmaqdır.
Diplomat daha sonra bildirdi ki, ABŞ öz mülki şəxslərini İraqa hələ təzəcə göndərməyə başlamışdır. Ona görə də biz qeyri-hərbi məsələlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini ABŞ-a hərbi kanallar vasitəsilə çatdırmağa məcburuq. Bu mənada buna tam nəzarət edə bilmirik. Amma çalışacağıq ki, Sizə mümkün qədər tez cavab verək. Bir razılaşma var, istəyirik ki, onu mümkün qədər tez imzalayaq və bunu tamamlayaq. Elə bilirəm ki, nazir Əbiyev Vaşinqtonda olanda bu məsələni tamamlayacağıq.
X X X
Qəbulda Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur