ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni laboratoriya yaradılıb
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMİU-nun rektoru, Milli Məclisin deputatı, Gülçöhrə Məmmədova və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) şöbə rəisi Çingiz Abdullayev elmi-tədqiqat və tədris laboratoriyasının yaradılmasını yüksək qiymətləndiriblər. Bu cür laboratoriyaların tədris prosesinin yaxşılaşdırılmasında rolu diqqətə çatdırılıb.
Bildirilib ki, “Azərsu” ASC və AMİU elm, təhsil, ixtisasartırma və əmək məşğulluğu sahələrində əməkdaşlıq edir. Kadr peşəkarlığının və əmək məhsuldarlığının artırılması məqsədi ilə “Azərsu” ASC tərəfindən “Təqaüd proqramı haqqında” əsasnamə təsdiq olunub, həmçinin yay məktəbi təşkil edilib. Cəmiyyət gənc mütəxəssislərin həvəsləndirilməsi üçün universitetin 21 tələbəsinə təqaüd verib.
Qeyd olunub ki, “Azərsu” ASC və AMİU birgə “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda gənc mütəxəssislərin respublika elmi-praktiki konfransını da təşkil edəcək.