ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin iclası olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bölmənin büro üzvlərinin iştirak etdikləri tədbirdə İEB-in akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra Fransa Milli Araşdırmalar Mərkəzinin professoru Bertill Liyonet və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Fransa-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyasının nəticəsi haqqında” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 2008-ci ildən Azərbaycan və Fransa arxeoloqlarının Tovuz rayonunun Menteştəpə arxeoloji abidəsində apardıqları tədqiqatlar barədə məlumat verilib. Bildirilib ki, arxeoloji qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində neolit dövründən erkən tunc dövrünədək uzun bir tarixi mərhələnin olduğu aşkara çıxarılıb. Qədim yaşayış yerinin ilkin məskunlaşması dövrü radiokarbon 14 analizlərinə əsasən son neolit dövrünə təsadüf edir. Neolit dövrünə aid mədəni təbəqə çiy kərpiclərdən olan dairəvi formalı memarlıq tikili nümunələri ilə seçilir.
Son neolit dövrünə aid mədəni qat yatımında üzə çıxarılmış ən əhəmiyyətli tapıntının kütləvi dəfnlə bağlı qəbir quyusu olduğunu söyləyən məruzəçilər burada 30-dan çox insan skeletinin aşkarlandığını bildiriblər. Vurğulanıb ki, bu cür qəbir regionda son neolit dövrünə aid olan yeganə tapıntıdır.
Eyni zamanda, qeyd edilib ki, qədim yaşayış yerinin mədəni qat yatımının üçüncü mərhələsi iki yüzilliyi özündə əks etdirir. Bu mədəni təbəqənin arxeoloji materialları, saman tərkibli boya naxışlı keramika nümunələri və düzbucaqlı tikililər bizim eradan əvvəl V minilliyin sonlarında qədim yaşayış yerinin Şimali Mesapotamiya ilə sıx bağlılığının olmasını göstərir. Bu dövrdə metallurgiyanın yüksək inkişafını göstərən 62 ədəd metal məmulatları aşkarlanıb.
Qədim yaşayış yerinin dördüncü mərhələsi təqribən min il boyunca davam etmiş erkən tunc dövrünə aiddir. Qədim yaşayış yerinin üst təbəqəsi əsasən müxtəlif qəbir abidələri ilə səciyyələnir.
Məruzə ətrafında akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, İlyas Babayev, Şahin Mustafayev, tarix elmləri doktoru Maisə Rəhimova və başqaları çıxış edib, təklif və tövsiyələrini səsləndiriblər.
Tədbirdə digər məsələlər də müzakirə olunub.