RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ATƏT-İN MİNSK QRUPUNUN AMERİKA TƏRƏFDƏN HƏMSƏDRİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də, onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri səfir Rudolf Perinanı qəbul etmişdir.
Səfir Rudolf Perina Azərbaycan Prezidentini səmimiyyətlə salamladı, onu qəbul etdiyinə görə təşəkkürünü bildirərək dedi ki, Minsk qrupunun həmsədrləri özlərinin əməli fəaliyyətində Prezident Heydər Əliyevin fikirlərinə həmişə böyük əhəmiyyət verirlər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün dövlətimizin başçısının məsləhətlərinə böyük ehtiyac duyulur və bu, bizim işimizin irəli getməsi üçün çox vacibdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsindən söhbət açan Prezident Heydər Əliyev bildirdi ki, uzun sürən bu münaqişənin indiyədək həll edilməmiş qalması mümkün deyildir. Azərbaycan xalqı, dövlətimiz vəziyyətin bundan sonra da belə davam etməsi, torpaqlarımızın işğal altında qalması ilə razılaşa bilməz. Ona görə də bu vəziyyətə son qoymaq, münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edilməli, ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalı və öz fəaliyyətlərini daha da gücləndirməlidirlər.
Səfir Rudolf Perina Azərbaycan rəhbərinin fikirləri ilə razılaşaraq dedi ki, Minsk qrupunun həmsədrləri də bu yöndə işləmək istəyir və biz indi münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərimizi artıraraq, yeni təklif hazırlayırıq.