RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BOİNQ-MÜLKİ AVİASİYA TƏYYARƏLƏRİ” ŞİRKƏTİNİN PREZİDENTİ VƏ BAŞ İCRAÇI DİREKTORU SKOTT KARSONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də ABŞ-ın “Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin prezidenti və baş icraçı direktoru Skott Karsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizin son illər əldə etdiyi iqtisadi uğurlardan danışdı və Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğuladı. Azərbaycan Prezidenti ABŞ-ın “Boinq-Mülki aviasiya təyyarələri” şirkəti ilə Azərbaycanın 6 ildən artıq bir dövrü əhatə edən uğurlu əməkdaşlığından məmnunluğunu ifadə etdi və şirkətin rəhbərinin ölkəmizə bu səfərinin əməkdaşlığımıza yeni imkanlar açacağına əminliyini bildirdi. Ölkəmizin regiondakı mövqeyindən danışan dövlətimizin başçısı Azərbaycanın sərnişin və yükdaşımaları üçün cəlbedici ölkə olduğunu və respublikamızın iqtisadi inkişaf potensialının gələcəkdə tam təmin edilməsi üçün daha yeni təyyarələrə ehtiyacı olduğunu bildirdi.
“Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin Prezidenti və baş icraçı direktoru Skott Karson Azərbaycanda gedən sürətli iqtisadi inkişafın, ölkənin hər yerində aparılan tikinti və abadlaşdırma işlərinin onlarda böyük təəssürat yaratdığını qeyd etdi. O, ölkəmizlə əməkdaşlıqdan razı qaldıqlarını vurğuladı və yeni Boinq-787 təyyarələrinin regionda ilk dəfə olaraq, Azərbaycana gətirəcəklərini planlaşdırdıqlarını bildirdi.