CƏMİYYƏT
Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir
Bakı, 3 dekabr (AZƏRTAC). 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”ndə musiqili-əyləncəli tədbir keçirmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə icra hakimiyyətinin başçısı İlqar Abbasov dövlətimizin başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə respublikamızda həyata keçirilən işlərdən danışmışdır.
İ.Abbasov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir. Ölkəmizin başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Bugünkü tədbirin keçirildiyi reabilitasiya mərkəzi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva mərkəzin açılışında iştirak etmişdir.
Beynəlxalq Əlillər Günü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə, eyni zamanda əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları, müxtəlif səbəblərdən əlil olmuş 200-dək rayon sakini üçün “Halal Süfrə” şadlıq sarayında da süfrə açılmışdır.
Tədbirdə xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata keçirir. Əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar. Bu istiqamətdə Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
Çıxış edənlər əlil vətəndaşlarımıza, xüsusilə əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda uşaqlara RİH tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.