RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRMƏRƏ QRUPU VƏQFİNİN SƏDRİ AKKAN SUVERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP partiyasının təmsilçisi Mustafa Kabakçı, Türkiyə Böyük Millət Məclisində AKP partiyasını təmsil edən millət vəkilləri Cəlal Erbay, Cahit Bağçı, Orxan Ərdem, TBMM-də CHP partiyasını təmsil edən millət vəkili Ensar Öğüt və TBMM-də MHP partiyasını təmsil edən millət vəkili Tuğrul Türkeş daxil idi.
Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver prezident seçkilərində böyük əksəriyyətin səsçoxluğu ilə inamlı qələbə qazanan Prezident İlham Əliyevi təbrik etdi. Dövlətimizin başçısına möhkəm cansağlığı arzulayan Akkan Suver dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətində ona uğurlar arzuladı.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi, ölkəmizlə Mərmərə Qrupu arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini söylədi.
######