AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli cənab Prezident Valdas Adamkus!
Hörmətli xanım Alma Adamkiene!
Əziz qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Bu, Litva Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır.
Keçirdiyimiz görüşlər zamanı biz ikitərəfli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi etdik, danışıqlar apardıq. Əminəm ki, bütün bunlarla bərabər, imzalanmış sənədlər, iki ölkənin iş adamlarının görüşləri əlaqələrimizin inkişafına və genişlənməsinə öz töhfəsini verəcəkdir.
Xalqlarımız arasındakı qarşılıqlı əlaqələrin tarixində XIX-XX əsrlərin mühüm yeri var. Müstəqillik uğrunda mübarizə əzmi ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. 1918-1920-ci illərdə Litvanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdir.
Azərbaycan Litva ilə həm ikitərəfli əsasda, həm də Avropaya inteqrasiya proseslərində sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir. Biz bu gün ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsinin tərəfdarıyıq, eyni zamanda, beynəlxalq və regional təşkilatlar, o cümlədən regionlararası əməkdaşlıq çərçivəsində Baltik Dənizi Dövlətləri Şurası ilə əməkdaşlıq etmək istəyirik.
Azərbaycan regionda və dünyada öz mövqelərini möhkəmləndirir. Həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin dinamik inkişafına imkan yaradıbdır. 2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf sürətinə malik olmuşdur. Ümumi daxili məhsulun həcmi 26 faizdən çox artmışdır. Son 10 ildə iqtisadiyyatımıza 32 milyard dollar sərmayə qoyulmuşdur. Son iki il yarım ərzində isə ölkədə 380 min yeni iş yeri açılmışdır.
Biz eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa təkan verəcək beynəlxalq layihələr həyata keçiririk. Şərq-Qərb dəhlizinin əsas xətlərindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini bir neçə gün bundan əvvəl dünya bazarlarına çıxardı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi həm Azərbaycanın, həm də regionun inkişafında mühüm rol oynayacaqdır.
Lakin mövcud münaqişələri aradan qaldırmadan regionda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionda sabitliyi pozan başlıca amildir. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır.
Azərbaycan münaqişənin beynəlxalq hüquqa uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli nizama salınmasını, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsini tələb edir.
Hörmətli cənab Prezident, Azərbaycana rəsmi səfərinizdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf, uğurlar arzulayıram və bu badəni Sizin şərəfinizə, xanım Alma Adamkienenin şərəfinə, Azərbaycan ilə Litva arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram.
Sağ olun.