AZƏRBAYCAN RESPUBLİKASINDA SAHİBKARLIĞIN İNKİŞAFI İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati proseduraların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir.
Bunun nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şərait yaranmış, qanunvericilik qaydaları liberallaşmış, maliyyə-kredit təminatı yaxşılaşmış, sahibkarların vergi yükü, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalmış, hüquqlarının müdafiəsi sistemi təkmilləşmiş, iş adamlarının beynəlxalq əlaqələri genişlənmiş və digər nailiyyətlər əldə edilmişdir.
Davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən etmişdir. Bu vəzifələrin yerinə yetirilməsi biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Belə ki, mövcud çoxpilləli biznesə başlama proseduraları, mürəkkəb icazələr sistemi uzun müddət tələb etməklə bərabər, bəzi hallarda bürokratik əngəllər və süründürməçilik yaradır.
Göstərilən mənfi halların aradan qaldırılması, ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi və daha əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” (vahid qeydiyyat orqanı) prinsipinə uyğun təşkilinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi, o cümlədən inşaat pasportunun hazırlanması, tikintinin ekspertizadan keçirilməsi proseduralarının sadələşdirilməsi və bununla əlaqədar müddətlərin azaldılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2007-ci il.