Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİ AVİASİYA ADMİNİSTRASİASI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinın

2007-ci il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - Administrasiya) mülki aviasiya sahəsində (bundan sonra - müvafiq sahədə) nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Mülkiyyət forması və idarə mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində müvafiq sahədə fəaliyyət göstərən və müvafiq sahədə olan qayda və tələblərə tabe olan müəssisə, idarə və təşkilatlar, habelə fiziki şəxslər mülki aviasiyanın subyektləridir və mülki aviasiya sahəsini təşkil edir.
2. Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, həmçinin bu Əsasnaməni rəhbər tutur.
3. Administrasiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir.
4. Administrasiya müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində özünün adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara malikdir.
5. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Administrasiya Bakı şəhərində yerləşir.
II. Administrasiyanın fəaliyyət istiqamətləri
7. Administrasiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.3. mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;
7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Administrasiyanın vəzifələri
8. Administrasiya bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. müvafiq sahədə öz səlahiyyətləri daxilində normativ tənzimləməni həyata keçirmək;
8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.4. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq müvafiq sahəyə aid olan beynəlxalq müqavilələr üzrə danışıqlar aparmaq, onları müəyyən edilmiş qaydada imzalamaq və həmin beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;
8.6. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fəaliyyətin müvafiq növləri üzrə xüsusi razılıq (lisenziya), habelə hüquqmüəyyənedici sənədlər vermək;
8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarını və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.8. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
8.9. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.11. öz fəaliyyəti haqqnıda əhalinin məlumatlandırılmasını təmin etmək;
8.12. müvafiq sahədə kadr hazırlığını təmin etmək;
8.13. Administrasiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.14. Administrasiyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.15. İCAO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin Aviasiya Administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
8.16. müvafiq sahədə milli qayda, norma və prosedurlara və beynəlxalq standart və tövsiyə olunan təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə müvafiq sahədə milli qanunvericilik və digər normativ hüquqi aktlarla İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat vermək;
8.17. öz səlahiyyətləri daxilində sərəncamında olan dövlət əmlakının səmərəli istifadəsinə nəzarəti həyata keçirmək və müvafiq sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;
8.18. aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırmaq;
8.19. müvafiq sahəyə maliyyə və texniki yardımlarının cəlb edilməsi məqsədilə beynəlxalq təşkilatlarla öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək;
8.20. öz səlahiyyətləri daxilində müvafiq sahədə əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti konsepsiyasının hazırlanmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;
8.21. mülki hava gəmilərinin uçuşa yararlığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirmək;
8.22. aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını, həmçinin mülki aviasiya subyektlərinə verilmiş sertifikatların şərtlərinə onlar tərəfindən riayət olunmasına nəzarəti həyata keçirmək;
8.23. mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrini (qəzalarını) aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə araşdırmaq, aviasiya hadisələri (qəzaları) və insidentlərinin qarşısının alınması məqsədilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələri və insidentlərinin uçotunu aparmaq, onlar barədə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına vaxtında məlumat vermək;
8.24. hava məkanından istifadəni tənzimləyən qaydaları, Azərbaycan Respublikasının hava məkanına mülki hava gəmilərinin uçuş qaydalarını və digər normativ hüquqi aktları aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə işləyib hazırlamaq;
8.25. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihələrinə dair rəy vermək;
8.26. maliyyə-iqtisadi, investisiya və taarif-qiymət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq taarif siyasətini həyata keçirmək;
8.27. müvafiq sahəyə investisiyaların cəlb edilməsi və onların səmərəli istifadəsi üçün əlverişli şəraitin yaradılmasına dair müvafiq təkliflər hazırlamaq;
8.28. müvafiq sahəyə aid olan beynəlxalq müqavilələrə qoşulmaq barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
8.29. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi və bu işlərin əlaqələndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
8.30. mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
8.31. müvafiq sahədə dövlət ehtiyacları üçün dövlət sifarişçisi funksiyalarını həyata keçirmək;
8.32. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi zamanı onların istismara qəbul edilməsi üzrə işçi qrupları yaratmaq, həmçinin dövlət komissiyalarının işində iştirak etmək;
8.33. mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi ilə bağlı texniki-iqtisadi göstəricilərə və layihə-smeta sənədlərinə dair rəy vermək;
8.34. mülki aviasiya subyektlərinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək, zəruri hallarda onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;
8.35. hava nəqliyyatı istismarçılarının sertifikatlarının və uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədə olma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qərarlar qəbul etmək;
8.36. müəyyən edilmiş qaydalara uyğun olaraq, təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr vermək;
8.37. hava limanları və aedromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək;
8.38. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərin göstərilməsini təşkil etmək və həmin xidmətləri göstərənlər üçün tələbləri müəyyən etmək;
8.39. mülki hava gəmilərinin Dövlət reyestrini, sertifikatlaşdırılmış aviasiya personalının, setifikatlaşdırılmış aerodromların və mülki aviasiya subyektlərinin reyestrlərini aparmaq, mülki hava gəmilərinin qeydiyyatını həyata keçirmək, qüvvədə olan qaydalara uyğun olaraq, müvafiq şəhadətnamə və vəsiqələri vermək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş analoji sənədlərin tanınmasına dair tələbləri müəyyən etmək;
8.40. ölkənin mülki aviasiya hava limanları və aerodromlarının imkanları, habelə aviasiya texnikasına texniki xidmət imkanları nəzərə alınmaqla, mülki aviasiya subyektləri tərəfindən əldə edilən aviasiya texnikasının Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi və istifadəsi məsələlərini razılaşdırmaq;
8.41. ölkənin sertifikatlaşdırılmış aviaşirkətlərini təyin etmək və hökumətlərarası sazişlərə əsasən, respublika daxilində və respublikanın hüdudlarından kənarda onların uçuş marşrutlarını təsdiq etmək, bu marşrutların istismarı üçün müvafiq icazələr vermək, habelə xarici dövlətlərin hava limanlarına Azərbaycan Respublikasının mülki aviasiya hava gəmilərinə uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr vermək;
8.42. respublikanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını, həmçinin Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirən xarici hava gəmilərinin perron yoxlamalarını həyata keçirmək və aşkar edilmiş pozuntuların aradan qaldırılması üzrə müvafiq tədbirlər görmək;
8.43. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətlərinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları öz səlahiyyətləri daxilində təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
8.44. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və yoxlanmasına dair tələbləri işləyib hazırlamaq və təsdiq etmək;
8.45. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üzrə əməliyyatların həyata keçirilməsində, qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak etmək, həmçinin bu cür qanunsuz müdaxilə aktları üzrə xidməti araşdırmaq aparmaq;
8.46. dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşların (liter reyslərinin) hazırlanması və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
8.47. müvafiq sahədə aid olan beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini işləyib hazırlamaq, yeni hava əlaqələrini (marşrutları), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərini və onların yerinə yetirilməsinin kommersiya şərtlərini müəyyən etmək;
8.48. Azərbaycan Respublikasının ərazisində yerli hava xətlərində aviadaşımalar və aviasiya xidmətinin bütün növləri ilə bağlı taarif və yığımların tətbiq və təsdiq edilməsinə dair təkliflər vermək;
8.49. beynəlxalq daşıma taariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq işləyib hazırlamaq və təsdiq etmək;
8.50. müəyyən olunmuş qaydalara əsasən, beynəlxalq hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri və ekipajlarının və Administrasiya personalının pasport-viza təminatı məsələlərini həll etmək;
8.51. kadrların təhsili, hazırlanması və ixtisaslarının artırılması, mülki aviasiya işçilərinin məşğulluğunu, sosial müdafiəsinin, pensiya təminatının təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, qeyd edilənlərin həyata keçirilməsini təşkil etmək;
8.52. mülki aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatların informasiya bazasını yaratmaq;
8.53. fövqəladə hallarda, aidiyyətı dövlət orqanları ilə birgə, mülki aviasiya müəssisə, idarə və təşkilatlarında səfərbərlik hazırlığını həyata keçirmək, mülki müdafiə tədbirləri görmək; fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
8.54. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Administrasiyanın hüquqları
9. Administrasiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvaifq təcrübəsini öyrənmək;
9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.9. müvafiq sahənin fəaliyyətini tənzimləmək məqsədilə müvafiq strukturların yaradılması, ləğv edilməsi və yenidən təşkili üzrə təkliflər irəli sürmək;
9.10. müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin hava gəmilərinə, xidməti otaqlara daxil olması, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olması; mülki aviasiya sahəsində çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təminatı məsələlərinə dair müvafiq tapşırıqlar və müfəttiş göstərişləri vermək və onların icra müddətlərini müəyyən etmək;
9.11. mülki aviasiyanın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı problemləri ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək;
9.12. mülki aviasiyanın ümumi fəaliyyət qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini hazırlamaq, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
9.13. zəruri hallarda İCAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə əlavə və dəyişikliklərin edilməsi barədə qeyd edilən təşkilata təkliflər vermək;
9.14. Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin rəhbərlərinin təyinatını qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırmaq;
9.15. Administrasiyanın rəsmi rəmzlərinin və fərqlənmə nişanlarının işlənib hazırlanmasına dair qüvvədə olan qanunvericiliyə uyğun olaraq təkliflər vermək;
9.16. geyim formalarının nümunələrinin, fərqlənmə nişanlarının və mülki aviasiyada geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;
9.17. Administrasiyanın səlahiyyətlərinə aid olan məsələlərin (aviasiya hadisələrinin və insidentlərinin araşdırılması, müvafiq rəylərin hazırlanması və s.) həlli məqsədilə elmi təşkilatları, şirkətləri, ayrı-ayrı mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında cəlb etmək;
9.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Administrasiyanın fəaliyyətinin təşkili
10. Administrasiyanın mərkəzi aparatı və dövlət mülki aviasiya subyektləri Administrasiyanın vahid sistemini təşkil edir. Administrasiya öz fəaliyyətini bilavasitə və həmin mülki aviasiya subyektləri vasitəsilə həyata keçirir.
11. Administrasiyanın işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Administrasiyanın strukturu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
12. Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Administrasiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13. Administrasiya direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
14. Administrasiya direktorunun müavinləri direktor tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
15. Administrasiyanın direktoru:
15.1. Administrasiyaya rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;
15.2. Administrasiyanın mərkəzi aparatının struktur bölmələrinin və strukturuna daxil olan dövlət mülki aviasiya subyektlərinin əsasnamələrini təsdiq edir;
15.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Administrasiyanın dövlət mülki aviasiya subyektlərinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.4. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.5. Administrasiyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
15.6. Administrasiyanı təmsil edir;
15.7. Qanunvericiliyə uyğun olaraq verilmiş səlahiyyətlər daxilində beynəlxalq müqavilələri imzalayır;
15.8. Administrasiyanın mərkəzi aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barədə mükafatlandırma və inzibati tənbeh tədbirləri tətbiq edir;
15.9. xüsusilə fərqlənmiş mülki aviasiya işçilərini Azərbaycan Respublikasının dövlət mükafatlarına və fəxri adlarına müəyyən edilmiş qaydada təqdim edir, onları fəxri nişanlarla və fəxri fərmanlarla təltif edir;
15.10. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, digər səlahiyyətləri həyata keçirir.
16. Administrasiyada direktordan (kollegiyanın sədri), onun müavinlərindən (sədrin müavinləri), habelə mərkəzi aparatın struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya yaradılır. Kollegiyanın tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
17. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;
18. Kollegiya öz iclaslarında Administrasiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir;
19. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və Administrasiyanın direktoru tərəfindən təsdiq edilir.
20. Kollegiya üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Administrasiyanın direktoru bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, idarə və təşkilatların rəhbərləri Administrasiyanın kollegiya iclaslarına dəvət edilə bilərlər.
22. Administrasiyada Elmi-texniki şura, Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması və onların fəaliyyətinin lisenziyalaşdırılması üzrə komissiya, habelə mülki aviasiyanın fəaliyyətinin ən aktual istiqamətləri üzrə digər şura və komissiyalar təşkil edilir. Şura və komissiyaların tərkibi və onlar haqqında əsasnamələr Administrasiyanın direktoru tərəfindən təsdiq edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin