SİYASƏT
Azərbaycan Respublikasının Moldovadakı səfirliyində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Moldovadakı səfirliyində Beynəlxalq İnsan Hüquqları gününə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində Moldova tərəfi İkinci Dünya Müharibəsi illərində Moldova Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş azərbaycanlı döyüşçülərin siyahısını Azərbaycan tərəfinə təqdim etmişdir.
İkinci Dünya Müharibəsi illərində Moldova Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş azərbaycanlı döyüşçülərin siyahısını Azərbaycan tərəfinə verilməsi mərasimində Azərbaycan Respublikasının Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın müdafiə naziri Vitali Marinutsa, Ukraynanın Moldovadakı səfiri Sergey Pirojkov, Avropa Şurası Nümayəndəliyinin rəhbəri Ülvi Axundlu, Belarusun Moldovadakı səfirliyinin müşaviri Aleksandr Solovyov, Rusiya Federasiyasının Moldovadakı hərbi attaşesinin köməkçisi Sergey Laxanov, Moldova Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov, “Memorial” Assosiasiyasının sədri Ancela Skripkaraş çıxış etmişlər.
“Memorial” Assosiasiyasının Nümayəndəsi, tarixçi alim Ruslan Şevşenko 223-cü Azərbaycan diviziyasının yaradılması və onun döyüş yolu barədə ətraflı məlumat vermişdir.
Səfir Namiq Əliyev Ancela Skripkaraşa İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi üzrə səmərəli fəaliyyətinə görə Fəxri diplom təqdim etmişdir.
Tədbir iştirakçılarına xatirə kimi, Azərbaycan haqqında, onun mədəniyyəti, Ermənistan-Azərbaycan münaqişəsi haqqında kitablar, xəritələr, jurnallar verilmişdir.
Mərasimdə “Memorial” Assosiasiyasının, Moldova Azərbaycanlılar Konqresinin üzvləri, KİV nümayəndələri iştirak etmişlər.