Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, 

Fransa Respublikasının hökuməti yeni təyin olunduğuna görə, nazir səviyyəsində təmsil edilmək mümkün olmadığına baxmayaraq, Xəzər regionu IX neft və qaz konfransının açılış mərasiminə təbriklərimi yetirməyi vacib sayıram.

Xəzər beynəlxalq neft və qaz konfransı regionun böyük neft və qaz potensialının inkişafı sahəsində olan irəliləyişləri görməyə şərait yaradır. Neft sənayesinin beşiyi olan Azərbaycan həyata keçirilən layihələrin surətlə irəliləməsini bu il də bariz şəkildə göstərdi. Ötən sərgi-konfransdan indiyədək “Çıraq-Azəri-Günəşli” yatağı üçün istismar platformalarının tikilməsi ilə bağlı sifarişlər verilmiş, 2005-ci ildən etibarən “Şahdəniz” yatağından hasil olunacaq qazın daşınması və tranziti şərtləri dəqiqləşdirilmişdir. Azərbaycan hökuməti tərəfindən aparılan islahatlar dönməz şəkildə davam etdirilir. Aşqabad sammiti sahilyanı dövlətlərin sərhəd zonalarının müəyyənləşdirilməsində irəliləyiş əldə etmək üçün birgə iradəsinin olmasından xəbər verir. Cənab Prezident, fikrimcə, Sizin sözlərinizlə desək, bu, gələcək danışıqlar üçün yaxşı baza təşkil edir.

Karbohidrogen ehtiyatları hasilatının gözlənilən artımı ilə Azərbaycan Fransanın və ümumən Avropanın enerji daşıyıcıları ilə təminatı sahəsində birinci dərəcəli tərəfdaşına çevrilməkdədir. Bu artım həm də Azərbaycanın və Transqafqaz dəhlizinin Xəzərin karbohidrogen ehtiyatlarının ixracında zəruri rolunu təsdiqləyir.

Azərbaycan bu gün Avropanın, xüsusilə də Fransanın uzunmüddətli iqtisadi və strateji tərəfdaşı kimi möhkəmlənməkdədir. Cənab Prezident, bu baxımdan mən sevinc hissi ilə qeyd edirəm ki, Fransa ilə Azərbaycan arasında iqtisadi sahədə olan münasibətlər xüsusilə dinamikdir. Mən əminəm ki, bu, hazırda neft sahəsində işləyən və tərəfdaşların kifayət qədər tanıdıqları və qiymətləndirdikləri fransız şirkətlərinin əla texniki və idarəçilik bacarıqlarının bəhrəsidir. Eyni zamanda, əminəm ki, bu keyfiyyətlər bizim şirkətlərlə çalışan çoxsaylı Azərbaycan müəssisələrinə də məxsusdur.

Beləliklə, mən Azərbaycanda həyata keçirilən mühüm layihələrin həmin ritmdə davam etdirilməsinə olan istəyimi bir daha vurğulayır və yanacaq sektorunda Fransa-Azərbaycan ikitərəfli əməkdaşlığının daha da gücləndirilməsini arzulayıram.

Cənab Prezident, Siz Fransanın və onun Prezidenti Jak Şirakın Azərbaycana olan həmişəki dostluq hissindən xəbərdarsınız və mən yeni hökumətin bu dostluğu gələcəkdə də inkişaf etdirmək və dərinləşdirmək arzusunda olduğunu bildirmək istərdim.

Bu baxımdan, mən, cənab Artur Rasizadənin 2001-ci ilin dekabrında qarşılıqlı komissiyanın iclası çərçivəsində rəsmi səfərinin ardınca, ən yüksək səviyyədə daha bir ikitərəfli görüşün keçirilməsini arzu edirəm.

Cənab Prezident, IX Beynəlxalq neft və qaz sərgi-konfransına böyük uğurlar arzulayıram.

Jan-Pyer Raffaren

Fransa Respublikasının baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin