SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ SANKT-PETERBURQDAKI BAŞ KONSULLUĞUNDA GÖRÜŞ
Sankt-Peterburq, 21 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən bildirmişlər ki, konsul dairəsinə daxil olan Leninqrad vilayətində təxminən 50 min soydaşımız yaşayır və onlar orta və kiçik biznes, kənd təsərrüfatı, dövlət qulluğu və digər sahələrdə çalışırlar.
Bunu nəzərə alaraq, baş konsul Qüdsi Osmanov oktyabrın 21-də Baş Konsulluğun inzibati binasında Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsi rəisinin müavini – Leninqrad vilayəti üzrə kurator A.Stepin ilə görüşmüşdür.
Görüşdə Leninqrad vilayətində yaşayan azərbaycanlıların həyat tərzi, diasporumuzun fəaliyyəti, soydaşlarımızın üzləşdikləri problemlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Səmimi keçən görüşdə A.Stepinə baş konsulluqla sıx əməkdaşlıq və soydaşlarımıza qarşı yaxşı münasibətə görə dərin minnətdarlıq bildirilmişdir.
A.Stepin dəvətə görə təşəkkür etmiş, regionda azərbaycanlılarla bağlı problemlərin ildən-ilə azaldığını demişdir. Xüsusi vurğulamışdır ki, gənclərimizin Rusiya cəmiyyətinə inteqrasiyasında, demək olar ki, heç bir problem yoxdur. Kurator bildirmişdir ki, oktyabrın 12-də regionda keçirilən bələdiyyə seçkilərində Rusiya vətəndaşları olan azərbaycanlılardan da bələdiyyə sədri vəzifəsinə seçilənlər olmuşdur.
Keçirilən görüşün əməkdaşlığın uğurla davam etdirilməsinə öz töhfəsini verəcəyi də vurğulanmışdır.