CƏMİYYƏT
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yeni layihəyə başlayır
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Rəssamlar” işçi qrupu gənclər üçün “X+Y=Z” layihəsinə başlayır.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin əsas məqsədi gəncləri foto sənəti barədə məlumatlandırmaqdır.
Layihənin birinci mərhələsində noyabrın 10-da ATGTİ-nin qərargahında gənclər üçün tanınmış fotoqrafların iştirakı ilə seminar təşkil olunacaqdır. İkinci mərhələdə isə layihə iştirakçıları arasında fotomüsabiqə keçiriləcəkdir. Bir həftə davam edəcək müsabiqənin sonunda 3 ən yaxşı fotoşəklin sahibi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Layihədə iştirak etmək istəyən gənclər CV-lərini ATGTİ-nin “Rəssamlar” işçi qrupunun rəhbəri Zərifə Mammədovaya ([email protected]) göndərə bilərlər.