MƏDƏNİYYƏT
Azərbaycan “The New York Times Travel Show 2013” Beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 18-də ABŞ-ın Nyu-York şəhərində "The New York Times Travel Show 2013" Beynəlxalq turizm sərgisi açılmışdır.
Dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vüqar Şıxəmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Beynəlxalq sərgidə, həmçinin "Azerbaijan Airlines", "SW travel", "ATA travel", "Spektr travel", "AL travel", "Geo Travel", "Gilan tourism" və "Regea travel" turizm şirkətləri öz məhsullarını nümayiş etdirirlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-dək davam edəcək beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 28 kvadratmetr sahə icarəyə götürülmüş, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılmaq üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hazırlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın turizm şirkətləri artıq ikinci dəfədir ki, "The New York Times Travel Show" Beynəlxalq turizm sərgisində iştirak edir.