MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun tələbələri “Fairmont Baku” otelinin və “Kempinski Hotel Badamdar”ın fəaliyyəti ilə tanış olmuşlar
Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) turizm və otelçilik ixtisasında ingilis və rus qruplarında təhsil alan I kurs tələbələri “Fairmont Baku” otelində və “Kempinski Hotel Badamdar”da tanışlıq turunda olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tanışlıq turu zamanı tələbələr “Fairmont Baku”nun yaranma tarixi, eləcə də inkişaf strategiyasına dair təqdimatı izləmişlər. İştirakçılara, həmçinin otel şəbəkəsinin əhatə coğrafiyası, iş prinsipləri, Azərbaycanda turizm sənayesinin hazırkı vəziyyəti və digər məlumatlar verilmişdir. Müvafiq struktur rəhbərləri isə çalışdıqları sahəni ehtiyacdan deyil, mənəvi tələbat və istəyə görə seçdiklərini, bu otelin gələcək hədəfləri, komandadan tələbləri, planlaşdırılan və icrası zəruri bilinən təlimlərdən danışmışlar.
“Fairmont Baku” otelinin təşkil etdiyi 3 aylıq təcrübə imkanına maraq göstərən turizm sahəsinin gələcək işçiləri öz CV-lərini fərdi şəkildə səlahiyyətli şəxslərə təqdim etmişlər. Onlar tur zamanı restoran və bar, həmçinin SPA, fitness kimi əlavə xidmət sahələri ilə də yaxından tanış olmuşlar.
Tədbirin sonunda “Fairmont Baku” otelinin insan resursları şöbəsinin müdiri Fidan Hüseynova ATİ-nin tələbələri üçün bu formatda görüşlərin həmişə təşkilinə hazır olduqlarını xüsusi vurğulamışdır.
Tələbələr üçün daha bir tanışlıq turu “Kempinski Hotel Badamdar”da təşkil olunmuşdur. Burada iştirakçılar əvvəlcə “Kempinski Hotel Badamdar”ın və o cümlədən, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən otellərə dair xüsusi təqdimata baxmışlar.
Sonra ön büro, housekeeping və iaşə şöbələrinin məsul əməkdaşları qonaqlara daha yüksək xidmət mədəniyyəti göstərmək üçün kollektiv və fərdi məsuliyyət tələbindən söz açmışlar.
Otelin təlim üzrə meneceri Nailə Hüseynova tələbələrin suallarını cavablandırmaqla yanaşı, onların gələcək planlarına da böyük maraq göstərmişdir.
Hər iki tanışlıq turu tələbələr üçün faydalı olmuşdur.