ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin tələbələri pedaqoji təcrübəyə başlayıblar
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Universitetində 2015/2016-cı tədris ili üçün pedaqoji təcrübəyə başlanması ilə bağlı konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransda təcrübə rəhbərlərinin və təcrübəçilərin üzərinə düşən öhdəliklər barədə məlumat verilib, pedaqoji təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, qiymətləndirmə meyarları diqqətə çatdırılıb. Həmçinin, orta məktəblərdə dərslərin təşkili, təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu metodistlərə təqdim edilib.
Konfransdan sonra metodistlər və tələbələr təcrübə yerinə yollanıblar.
Qeyd edək ki, 2015/2016-cı tədris ilində Azərbaycan Universitetinin pedaqoji ixtisaslar üzrə 107 tələbəsi Bakının beş məktəbində martın 10-dək təcrübə keçəcək. Tələbələrə 31 metodist rəhbərlik edəcək.