SİYASƏT
AZƏRBAYCAN VƏ KOREYA RESPUBLİKALARININ PARLAMENTLƏRARASI DOSTLUQ QRUPLARININ GÖRÜŞÜ OLMUŞDUR
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Milli Məclisdə Azərbaycan və Koreya respublikalarının parlamentlərarası dostluq qruplarının görüşü olmuşdur.
Dostluq qruplarının rəhbərləri Eldar Quliyev və Suh Byunq Soo dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında bir sıra mühüm sənədlərin imzalandığını bildirmiş, bu sənədlərin respublikalarımız, eləcə də parlamentlərimiz arasında münasibətlərin daha da genişləndirilməsinə təkan verdiyini xüsusi qeyd etmişlər.
Eldar Quliyev demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatk əlaqələr qurduğu ilk ölkələrdən biri Koreya Respublikası olmuşdur. Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin 2007-ci ildə dost ölkəyə səfəri ilə parlamentlərarası əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoymuşdur.
Suh Byunq Soo dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişafın diqqəti cəlb etdiyini xüsusi vurğulamışdır.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğu qeyd edilmiş, dostluq qruplarının parlamentlər arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar Milli Məclisin iclas salonu və Heydər Əliyev xatirə zalı ilə tanış olmuşlar.