İQTİSADİYYAT
Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında əməkdaşlıq genişlənir
Bakı, 22 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmir yolu sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub.
Görüşdə “Qazaxıstan Dəmir Yolları» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarov və «Qazaxıstan İnkişaf Bankı» Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirdilər. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.