MƏDƏNİYYƏT
Azərbaycan vokalçıları Minskdə MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin I Opera Sənəti Forumunda iştirak edirlər
Minsk, 21 may (AZƏRTAC). Belarus paytaxtında Baltikyanı ölkələr və Gürcüstan gənclərinin I Opera Sənəti Forumu keçirilir.
Bu layihənin məqsədi Birlik iştirakçısı olan dövlətlər məkanında opera sənətində yeni adlar kəşf etmək, ən istedadlı və perspektivli yaradıcı gəncləri dəstəkləməkdir.
Gənclərin I Forumunda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna, Latviya, Gürcüstan və digər ölkələrdən 11 müğənni iştirak edir.
Forum iştirakçıları gənc olduqlarına baxmayaraq, sanballı peşə uğurları qazanmış, beynəlxalq müsabiqələrin laureatları olmuş, MDB və uzaq xarici ölkələrin ən iri teatrlarının solistləri kimi irəli çəkilmişlər. Bununla belə, onlar Minskdə çox təcrübəli dirijorlarla işləmək sayəsində qiymətli vərdişlərə yiyələnəcəklər.
Forum müddətində peşəkar məşqçilər, fransız və italyan dillərinin kouçerləri (opera sənətində fortepiano çalmağı, müvafiq dili bilən və peşəkar solistlərə oxumaq, tələffüz qaydalarını öyrədən mütəxəssislərə “kouçer” deyirlər) artistlərlə məşğul olacaqlar. Gənc müğənnilər MDB ölkələrinin teatrlarının rəhbərləri və impressariolarla yaradıcılıq əlaqələri quracaq, KİV-də və İnternetdə fəal informasiya dəstəyi qazanacaqlar.
Belarusun Böyük Opera və Balet Teatrı fəxri diplomlar və xüsusi sertifikat təsis etmişdir. Sertifikata layiq görülənlər Böyük teatrda dəvət edilmiş solist kimi daimi işləmək hüququ qazanacaqlar.
MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin I Opera Sənəti Forumu MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk