İQTİSADİYYAT
Azərbaycan Vyanada Avropa və Mərkəzi Asiya ölkələri üçün forumda təmsil olunacaqdır
Bakı, 6 iyun (AZƏRTAC). Dünya İqtisadi Forumunun (Davos Forumu) təşkilatçılığı ilə iyunun 7-dən 9-dək Avstriyanın paytaxtı Vyanada Avropa və Mərkəzi Asiya ölkələri üçün forum keçiriləcəkdir. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, forum çərçivəsində nazir “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində görülən işlər və gələcək planlar barədə məlumat verəcəkdir.
Səfər çərçivəsində Azərbaycan-Avstriya Birgə Qarışıq Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri olan Əli Abbasovun komissiyanın Avstriya tərəfdən həmsədri, bu ölkənin iqtisadiyyat, ailə və gənclər üzrə federal nazir müavini xanım Bernadette Qerlinqer, həmçinin nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxardt ilə ikitərəfli görüşü nəzərdə tutulmuşdur. Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) üzvü olan İKT şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə rabitə və İKT sahəsində həyata keçirilən layihələrin təqdimatı və potensial sərmayəçilərin cəlb edilməsi məqsədi ilə tədbir keçiriləcəkdir.