SİYASƏT
Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi tarixi Qələbənin qazanılması ilə nəticələndi
İstanbul, 24 dekabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə, eyni zamanda, regionda da tamamilə yeni bir reallıq yarandı. Prezident İlham Əliyevin qətiyyəti, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi tarixi Qələbənin qazanılması ilə nəticələndi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirib.
O deyib ki, Heydər Əliyev irsini uğurla davam etdirən Prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə xalqının milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, Azərbaycanın dünya miqyasında söz sahibi ölkələr arasında mövqeyini gücləndirdi. Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir ölkə kimi tanıtdı, beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində böyük addımlar atdı. Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsi şanlı Qələbə ilə nəticələndi. Qırx dörd gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən torpaqlarını uzun illər davam edən işğaldan azad etdi. Azərbaycanda əsgərlər, xalq və dövlət arasındakı birlik, ruh yüksəkliyi bütün dünya üçün nümunə oldu. Adətən insanlar müharibədən qorxurlar. Lakin İkinci Qarabağ müharibəsində bunun tam əksi oldu. Xalqın müharibədən qorxmaması, öz torpaqlarını işğaldan azad etmək istəyi və bunun üçün öz lideri ətrafında yumruq kimi birləşməsi dünyada heyrətlə qarşılandı. Azərbaycanın Vətən müharibəsi dünya savaş tarixinə yeni bir nəfəs gətirdi. Bunların hamısı xalqın öz Prezidentinə, dövlətinə olan etimadının, inamının təzahürüdür ki, buna dünyanın çox nadir ölkələrində rast gəlmək olar.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul