İQTİSADİYYAT
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Ekologiya Günü” tədbiri keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (AXDG) “Xəzər Həftəsi” çərçivəsində “Ekologiya Günü” tədbiri keçirilib.
AXDG-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, AXDG sədrinin birinci müavini Mübariz Cabbarov gəmiçilikdə fəaliyyətin digər istiqamətləri ilə yanaşı ətraf mühitin mühafizəsi tədbirlərinə də böyük önəm verildiyini xüsusi vurğulayaraq, bu barədə ətraflı məlumat verib.
Gəmiçiliyin Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli son 5 ildə AXDG-də həyata keçirilən və gələcəkdə reallaşdırılacaq ekoloji layihələr, bilavasitə ətraf mühitin mühafizəsi sahəsində çalışan əməkdaşlar barədə, “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”, habelə ekoloji təbliğat və maarifləndirmə, ekoloji ekspertiza, gəmiçilik sahəsində yeni ekoinnovasiyalar və digər mövzularda məruzə ilə çıxış edib.
ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin (ƏMMD) direktoru Xalıqverdi Hüseynov çıxışında AXDG-nin ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Departament direktoru dəniz ekologiyasında müxtəlif antropogen amillərin rolları barədə məlumat verib.
AXDG-nin texniki direktoru Nurməhəmməd Talıbov gəmiçiliyin Bakı buxtasında yerləşən idarələrinin ərazilərindən keçərək dənizə açılan axarların fəsadlarından söz açıb və həmin axarlara qarşı səlahiyyətli dövlət qurumları tərəfindən tədbirlər görülməsinin zəruriliyini qeyd edib.
Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov ətraf mühitin mühafizəsinə dair yeni texnologiyaların işlənməsi haqqında danışıb və digər qurumların da bu layihədə iştirakının vacibliyini önə çəkib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov isə Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş, habelə ratifikasiyaları gözlənilən beynəlxalq konvensiyalar və sazişlər barədə məlumat verib.
Tədbirdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri ilə yanaşı, Dövlət Dəniz Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparıcı idarələrinin rəhbərləri iştirak ediblər.