İQTİSADİYYAT
Azərbaycanda "Kredit Zəmanət Fondu" yaradılır
Bakı, 15 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılır.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaqdır.
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir. Cəmiyyətdə ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilib.