SİYASƏT
“AZƏRBAYCANDA DİFFAMASİYA VƏ İFADƏ AZADLIĞI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Bakıda Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə təşkil etdiyi “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçirilmişdir.
Təmsil etdiyi qurumun diffamasiya və söz azadlığına böyük önəm verdiyini deyən Avropa Şurasının baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirmişdir ki, hazırda Azərbaycanda söz və məlumat azadlığı haqqında qanunda müəyyən uğurlar mövcuddur. Diffamasiya haqqında qanunun qəbul edilməsi isə bu sahədə mövcud problemləri aradan qaldıracaqdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə vurğulamışdır ki, Azərbaycan mətbuatı üçün çox vacib olan diffamasiya məsələsinin müzakirəyə çıxarılması əhəmiyyətlidir. Diffamasiyanın ümumi prinsipləri barədə məlumat verən Ə.Amaşov demişdir ki, diffamasiyaya görə jurnalistlər mülki məsuliyyət daşımalıdırlar.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirmişdir ki, hazırda Azərbaycanda 4 min mətbu orqan qeydiyyatdan keçmiş, yüzlərlə qəzet, jurnal və s. azad fəaliyyət göstərir. Jurnalistlərə sərbəst və azad məlumat yaymaqla bağlı verilən hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında da əks olunmuşdur.