İQTİSADİYYAT
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 553 mindən çoxdur
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii
qazla fasiləsiz təchiz edilməsi istiqamətində işlər davam etdirilir.
Cari ilin iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 553 min 321-ə çatmışdır. Bunların 1 milyon 534 min 460-ı əhali, 18 min 861-i isə qeyri-əhali abonentidir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin abonentlərin 678 min 157-si Bakı şəhəri (668 min 372 əhali, 9 min 785 qeyri-əhali abonenti), 875 min 164-ü isə regionların (866 min 88 əhali, 9 min 76 qeyri-əhali abonenti) payına düşür.
Ümumilikdə 1 milyon 553 min 201 abonent (99,99 faiz) sayğacla təmin olunmuşdur ki, bunun da 1 milyon 534 min 340-ı əhali (99,99 faiz), 18 min 861-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 668 min 268 əhali abonenti (99,98 faiz), 9 min 785 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 866 min 72 əhali abonenti (100 faiz) və 9 min 76 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 678 min 53 abonent (99,98 faiz), regionlar üzrə isə 875 min 148 abonent (100 faiz) sayğacla təmin olunmuşdur.
Əhali abonentlərinin mənzillərində 766 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılmışdır.