CƏMİYYƏT
Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə layihə həyata keçiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə layihə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi tərəfindən reallaşdırılacaq.
İctimai Birliyin məlumatında bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalar arası dialoqa mühüm töhfələr verir. Bu gün multikulturalizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə multikultural dövlət kimi tanınır. Respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və normativ hüquqi aktlarla təmin olunur. “Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada əmin-amanlıq şəraitində yaşayırlar. Belə bir layihənin həyata keçirilməsi və ictimailəşdirilməsi ilə azsaylı xalqların mədəniyyətinin müxtəlifliyinə qarşı olan isti münasibətin diqqət mərkəzində olduğunu sübut etmiş olacağıq”, - deyə məlumatda qeyd olunur.
Layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq onun öyrənilməsini və təbliğini təşkil etməkdir. Üç ay davam edəcək layihə çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətləri ilə əlaqədar ərazilər üzrə araşdırmalar aparılacaq. Hər rayondan 30 nəfər olmaqla 4 rayonda - Qax, İsmayıllı, Quba və Lənkəranda əhali qrupu ilə mənsub olduqları mədəniyyətlə bağlı fərdi müsahibələr təşkil ediləcək. İştirakçıların maarifləndirilməsi məqsədilə çap məhsulları (buklet, banner və s.) hazırlanacaq. Hər rayonda hər bir azsaylı xalqın mədəniyyəti barədə birgünlük məlumatlandırıcı seminar, həmçinin onların mədəni irsinə, mətbəxinə aid əl işləri, sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq.
“Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsinin icrasına fevralın 1-də start verilib.