İQTİSADİYYAT
Azərbaycanın Dünya Bankı ilə gələcək əməkdaşlığı müzakirə olunmuşdur
Bakı, 24 may (AZƏRTAC). Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyəti mayın 24-də Azərbaycanın Mərkəzi Bankında (AMB) olmuşdur.
AMB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sədr Elman Rüstəmov ilə görüşdə H.Kerali Azərbaycan Hökumətinin Beynəlxalq İnkişaf Assosiasiyasına borcunun vaxtından qabaq ödədiyinə görə təşəkkürünü bildirmiş və ölkəmizin potensial donorlar sırasında yer aldığını xüsusilə vurğulamışdır. Dünya Bankının AMB ilə uğurlu əməkdaşlığından danışan Henri Kerali bu əlaqələrin getdikcə möhkəmləncəyinə və genişlənəcəyinə əminliyini bildirmişdir.
Görüş zamanı cənab E.Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnun olduğunu vurğulamış və göstərilmiş texniki yardımların ölkənin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etmişdir.
Görüşdə, həmçinin iki qurumun gələcək əməkdaşlığı, birgə tədqiqatlara dair imzalanacaq saziş layihəsi və digər məsələlər müzakirə olunmuşdur.