ELM VƏ TƏHSİL
Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin aprelin 24-də keçirilən iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.
İclasda “akademiklər Əşrəf Hüseynov, Əli Quliyev, Mirəli Qaşqay, Ələşrəf Əlizadə, Vahab Əliyev, Cəlal Əliyev və Məmmədcəfər Cəfərovun adlarına mükafatların, “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsis edilməsi haqqında qərar qəbul olunub.