MƏDƏNİYYƏT
Azərbaycanın incəsənət xadimləri İordaniyada keçirilən “Jaraş” mədəniyyət və incəsənət festivalında iştirak etmişlər VİDEO
Əmman, 27 iyun (AZƏRTAC). İordaniyanın qədim şəhərlərindən olan Jaraşda hər il keçirilən ənənəvi beynəlxalq mədəniyyət və incəsənət festivalında Azərbaycanın incəsənət xadimləri - tanınmış xanəndə, Xalq artisti Mələkxanım Əyyubova, tarzən, Xalq artisti Möhlət Müslümov və kamança ifaçısı Elnur Salahov muğam triosu adı altında iştirak etmişdir.
İyunun 19-da başlayan və bu ayın 28-də yekunlaşacaq festivalda dünyanın 50-yə yaxın ölkəsindən mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Azərbaycan artıq üçüncü ildir ki, bu festivala maraqlı proqramlarla qatılır. Jaraşda yerləşən qədim Roma şəhərinin qalıqları ətrafında keçirilən festivalda Azərbaycan təmsilçiləri xalq mahnıları, muğam incilərindən parçalar səsləndirmişdir.
Azərbaycan incəsənət xadimlərinin çıxışları həm tamaşaçılar, həm də festivalda iştirak edən digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.
Tədbirdə Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov, Krallıqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun və İordaniya ictimaiyyətinin nümayəndələri tamaşaçı qismində iştirak etmişlər.
Tədbirdən sonra səfir S.Ağabəyov və ölkəmizin incəsənət xadimləri İordaniyanın dövlət televiziyası, İraq Respublikasının “Rəşid” telekanalına və bir sıra mətbu orqanlarına müsahibə vermiş, tamaşaçıları və oxucuları Azərbaycan musiqisi, xalqımızın zəngin mədəniyyəti və incəsənəti, xüsusən də muğam sənəti haqqında ətraflı məlumatlandırmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman