MƏDƏNİYYƏT
Azərbaycanın Moldovadakı səfirliyi xeyriyyə kampaniyasında iştirak etmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Qadınlar Klubu - International Women’s Club of Moldova (IWCM) – bu il dekabrın 3-də Kişinyovdakı “MOLDEKSPO” mərkəzində Beynəlxalq Milad Xeyriyyə Bazarı təşkil etmişdir. Tədbirdə səfirliklər və Kişinyov şəhərində akkreditə edilmiş beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Burada artıq 15-ci dəfə keçirilən bazarda Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi ilk dəfə iştirak etmişdir.
Bazarda Azərbaycan Respublikası guşəsinin təşkilatçısı Azərbaycan Respublikasının Moldova Respublikasındakı Fövqəladə və səlahiyyətli səfirinin xanımı Natəvan Makili-Əliyeva olmuşdur. Guşənin tərtibatında Moldova Azərbaycanlılar Konqresinin üzvü olan qadınlar da fəal iştirak etmişlər. Bu tədbirdə iştirak etmək üçün il ərzində böyük hazırlıq işi aparılmışdır.
Azərbaycan guşəsində çoxsaylı milli suvenirlər, o cümlədən xırdavat, müxtəlif növ Azərbaycan xörəkləri və şirniyyat, həmçinin milli geyimlər, içkilər, Azərbaycan haqqında, onun bu günü barədə söhbət açan kompakt disklər, kitablar, broşürlər və jurnallar təqdim edilmişdir. “Baku” jurnalı xüsusi maraq doğurmuşdur.
Moldova Respublikasının Prezidenti vəzifəsinin müvəqqəti icraçısının xanımı Viktoriya Lupu Azərbaycan guşəsi ilə böyük maraqla tanış olmuş, Azərbaycan şirniyyatını məmnuniyyətlə dadmışdır.
Bazarda toplanmış vəsait xeyriyyə tədbirlərinə sərf edilmişdir.