İDMAN
Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası Avropa çempionatında mübarizə aparacaqdır
Bakı, 2 iyul (AZƏRTAC). İyulun 22-dən 28-dək Fransanın Cambrai şəhərində qadınlar arasında otüstü xokkey üzrə Avropa çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın otüstü xokkeyçilərdən ibarət milli komandası qitə çempionatının yüksək dəstəsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqdır.
2011-ci ildə keçirilmiş sonuncu qitə birinciliyində koreyalı məşqçilərin rəhbərliyi altında uğursuz çıxış edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin başçılığı ilə yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir.
Bu məqsədlə komandamız təlim-məşq toplanışı və yerli xokkeyçilərlə bir neçə yoxlama oyunu keçirmək üçün Polşanın Poznan şəhərinə yola düşmüşdür.
Artıq xokkeyçilərimiz Polşanın milli komandası ilə iki yoxlama oyununda qüvvələrini sınamışlar. İlk görüşdə 3:4 hesabı ilə uduzmuş xokkeyçilərimiz ikinci oyunda 4:2 hesabı ilə qələbə qazanmışlar.
Polşa xokkeyçiləri ilə axırıncı sınaq oyununu keçirdikdən sonra komandamız Çexiyanın paytaxtı Praqaya yola düşəcəkdir. İyulun 3- 4-də və 7-də yerli xokkeyçilərlə qarşılaşacaq komandamız iyulun 5-də Avstriya yığması ilə də bir görüş keçirəcəkdir.
Qeyd edək ki, qarşıdakı Avropa çempionatında millimizin “A” qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaqdır. “B” qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya xokkeyçiləri yarışacaqlar.