MƏDƏNİYYƏT
Azərbaycanın tarix və mədəniyyət qoruqları qlobal aksiyada iştirak etmişlər
Bakı, 31 mart (AZƏRTAC). Dünya Vəhşi Həyat Fondu (World Wildlife Fund) 2007-ci ildən etibarən “Yer Saatı” ətraf mühit layihəsini həyata keçirir.
Layihənin məqsədi hər ilin əvvəlcədən müəyyən edilmiş tarixində bir saat ərzində dünya üzrə elektrik enerjisindən istifadəyə qənaət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına töhfə verməkdən ibarətdir.
BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) öz növbəsində Dünya İrs Obyektlərində müəyyən edilmiş saat ərzində işıqların söndürülməsinin həyata keçirilməsi ilə layihəyə öz töhfəsini verir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin ətraf mühitinin qorunmasının təmin edilməsinə töhfə vermək məqsədilə nazirliyin tabeliyində fəaliyyət göstərən, UNESCO-nun qüvvədə olan Dünya İrs Obyektləri siyahısında, eləcə də gözləmə siyahısında yer alan Azərbaycanın tarix və mədəniyyət qoruqlarında martın 30-da saat 20.30-dan 21.30-dək bir saat müddətində işıqların söndürülməsi ilə ölkəmiz qlobal layihədə iştirak etmişdir.
Ötən il “Yer Saatı” layihəsində dünyanın 135 ölkəsinin 5251 şəhərində 1,8 milyard insan iştirak etmişdir.
Qlobal layihə ilə bağlı daha ətraflı məlumatı www.earthhour.org və yaxud www.youtube.com/watch?v=FoyYy8vf5_E elektron ünvanından əldə etmək olar.