“AZƏRBAYCANIN VƏ XARİCİ ÖLKƏLƏRİN SİYASİ SİSTEMLƏRİ”
Tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər namizədi Adil Vəliyevin yenicə çapdan çıxmış “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri” kitabı Azərbaycanın və bir sıra xarici ölkələrin siyasi sistemlərindən, idarəçilik rejimlərindən, hakimiyyət orqanlarından bəhs edir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük elmi şurasının tövsiyəsi ilə Təhsil Nazirliyi tərəfindən “Politologiya” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə dərs vəsaiti kimi təsdiq olunmuşdur.
Kitab oxucunu ən qədim dövrlərdən indiyə qədər dünyada dövlət idarəetmə sisteminin yaradılması və inkişafı, ictimai-siyasi təsisatlar ilə tanış edir. İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlamış, ABŞ, Rusiya, Türkiyə, Braziliya, Fransa, İngiltərə, Almaniya və bir sıra başqa dövlətlərin siyasi sistemlərini hərtərəfli təhlil etmişlər.
Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə - dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilmişdir.
Müəlliflər müasir siyasi nəzəriyyələrə əsaslanaraq, dövlətlərin sosial-siyasi quruluşunun əsas meyillərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil edirlər.
Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə - təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlərdə yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir.
Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Yəni, əvvəllər hər bir ölkənin idarəçilik sistemi onun daxili işi sayılırdısa, yeni dünya nizamının bərqərar olduğu XXI əsrdə bu, transmilli xarakter alaraq, beynəlxalq aləmin diqqət mərkəzinə çıxarılmışdır.
Bu baxımdan kitabda geniş məlumat toplanmışdır.